Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.02.2019

Qusarda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Fevralın 19-da Qusar şəhəri “Mustafa Kazdal” məscidində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Anım tədbirində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar şəhəri “Mustafa Kazdal”  məscidi dini icmasının sədri və məscidin imamı Fəryaddin Rəhimxanov, dini icma üzvləri, dindarlar iştirak ediblər.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev iştirakçılara Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki, bu hadisə XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olub. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilib.

Anım tədbirində çıxış edən Qusar şəhəri “Mustafa Kazdal”  məscidi dini icmasının sədri və məscidin imamı Fəryaddin Rəhimxanov soyqırıma uşaqların, qadınların, qocaların  və mülki əhalinin məruz qaldığını bildirərək İslam dinində və müqəddəs kitablarda zorakılığın pisləndiyini qeyd edib.

Daha sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsinə dualar oxunub, ehsan verilib.