Qusarda “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda konfrans keçirilib
İyulun 14-də Qusarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qusar rayonu üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda konfrans keçirilib.
Tədbirdə təşkilatçı qurumların nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov və başqaları çıxış edərək qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması günümüz üçün aktual olan mövzulardandır. Bildirilib ki, milli ideologiya, tarix, dil, din, mədəniyyət və incəsənət, ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, musiqi və muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.
Sonda konfrans iştirakçıları olan gənclərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.