19.10.2017
Qusarda “Tolerantlığın Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icması tərəfindən oktyabrın 19-da “Azərbaycanda İslam həmrəyliyi: milli-mənəvi dəyər kimi” layihəsi çərçivəsində “Tolerantlığın Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Qusar rayonu Kuzunqışlaq kəndində baş tutan tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elman Quliyev, Kuzunqışlaq kənd tam orta məktəbinin direktoru Əjdər Ağabəyov, “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Qusar RİH başçısının Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi keçirilən dini maarifləndirmə tədbirlərinin gənclərin dini maariflənməsində, dini düzgün öyrənməsində əhəmiyyətli olduğunu qeyd edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev bildirib ki, Azərbaycanda mövcud olan ənənəvi İslam xüsusiyyətləri dünyanın digər İslam ölkələri üçün mütərəqqi nümunədir. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi İslam həmrəyliyinə böyük töhfədir. Ölkəmizdə mövcud olan mədəni müxtəliflik və tolerant mühit şəraitində mövcud olan qardaşlıq və birlik digər ölkələr tərəfindən də təqdir edilir. Müxtəlif xalqların və dini konfessiyaların birlikdə qarşılıqlı anlaşma şəraitində yaşaması multikultural və tolerant dəyərlərin ən bariz nümunəsidir.
Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edib. Bildirib ki, radikalizmə meyillənmə halları xeyli azalıb, əsrlərlə mövcud olan mənəvi dəyərlərə, ənənəvi dini inanclara hörmət hissi daha da artıb. Ölkəmizdə müxtəlif xalqların və dini konfessiyaların birlikdə qarşılıqlı anlaşma şəraitində yaşaması multikultural və tolerant dəyərlərin ən bariz nümunəsidir.
Kənd ağsaqqalı Ağakərim Kərimov öz çıxışında mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini qeyd edib.
Sonda tədbir iştirakçılarına Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan kitab və broşürlər hədiyyə edilib, onların sualları cavablandırılıb.