02.09.2016
Qusarda “Sülh aylığı” çərçivəsində “İslam dinində sülhün mahiyyəti” mövzusunda tədbir keçirilib
Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) Quba regional mərkəzinin birgə təşkilatçılığı ilə Qusar şəhəri “Mustafa Kazdal” məscidində “İslam dinində sülhün mahiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, OMBUDSMAN-ın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri və məscidin imamı Fəriəddin Rəhimxanov və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məscidin imamı Fəriəddin Rəhimxanov bildirib ki, İslam dini sülh və qardaşlıq dinidir. Bu din yarandığı andan insana böyük əhəmiyyət verərək heç kəsin incidilməməsini istəmiş, bəşəriyyətin sülh və əmin-amanlıq içərisində yaşamasını təbliğ etmişdir.
Daha sonra çıxış edən OMBUDSMAN-ın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev “Sülh aylığı”nın yaranma tarixindən, günümüzdə onun nə qədər əhəmiyyətli olduğundan bəhs edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev mövzu ilə əlaqədar geniş məruzə edərək qeyd edib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən sülh və dözümlülük və milli – mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. O, daim sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunması üçün görülmüş işlərdən söz açaraq, həyata keçirilən bu cür maarfləndirmə xarakterli tədbirlərin İslam dininin əsl mahiyyətinin anlaşılmasına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə yardımçı olacağını söyləyib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və dindarları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda məscidə DQİDK-nın razılığı ilə çap edilmiş dini ədəbiyyatlar hədiyyə edilib.