Qusarda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda onlayn tədbir keçirilib
Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Qusar rayon Təhsil şöbəsi (RTŞ) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qusar rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elnur Ağasiyev, Qusar rayon Təhsil şöbəsinin müdiri Yüzbəy Abuyev, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov və məktəb psixoloqları iştirak edib.
Çıxışlarda qeyd olunub ki, mənəvi dəyərlərin təbliği yetişməkdə olan gənc nəslin mənəvi inkişafında xüsusi yerə malikdir. Hər bir psixoloq öz iş fəaliyyətində gənc nəslin mənəvi cəhətdən yetişməsinə töhfə verməli, yeni yanaşmalara istinad etməlidir. O da qeyd olunub ki, Azərbaycan dövləti mənəvi dəyərlərin təbliğ olunması və ənənəvi dini baxışlarımızın qorunub saxlanması sahəsində layihələr icra etməkdədir.


