29.06.2018
Qusarda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib
İyunun 29-da Qusarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini başa çatdırıb.
Yuxarı sinif şagirdləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqin ikinci günündə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
Daha sonra DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərli dini radikalizm, onun mahiyyəti və yaratdığı fəsadlar haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, dini radikalizm müasir dövrün ən ağrılı bəlalarındandır və gənclərimiz bu bəladan uzaq durmalıdırlar. Bəzən gənclər sırf maraq xatirinə radikallığa meyilli insanlarla ünsiyyətə girirlər. Halbuki bu ünsiyyət çox təhlükəlidir. O, radikalizmə qarşı mübarizənin əsas istiqamətləri barədə də danışaraq qeyd edib ki, dövlətimiz bu sahədə kifayət qədər çoxşaxəli işlər görməkdədir. Respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə də toxunan Komitə əməkdaşı vurğulayıb ki, ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq ənənələrinin qorunması və təşviqi, eləcə də müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi, eyni zamanda dini radikalizm və ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə silsilə tədbirlər həyata keçirilir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev əvvəlcə bölgədəki dini durum haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizin bütün sahələr üzrə inkişafı, eyni zamanda dini sahədə həyata keçirilən işlər radikal qrupların fəaliyyətini xeyli zəiflədib. İslam dünyasının orta əsrlərə qədər elmə böyük töhfələr verdiyini vurğulayan natiq bu gün müsəlman aləminin üzləşdiyi problemlərin böyük güclər tərəfindən ortaya çıxarıldığını və idarə olunduğunu bildirib. Bu gün həmin dairələr İraqda, Suriyada həyata keçirdikləri ssenarini sürətlə inkişaf edən, tolerant və multikultural mühitin hökm sürdüyü Azərbaycanda da tətbiq etməyə çalışırlar. Dövlətimiz bu cəhdlərin qarşısını hər zaman alıb və bundan sonra da alacaqdır. Bizim də borcumuz odur ki, Ulu Öndərin memarı olduğu və dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirilən, bütün dünya üçün örnək olan dövlət-din münasibətləri modelimizi yaşadaq, inkişaf etdirək.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərimizin xüsusi rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, milli-mənəvi dəyərlər vətənpərvərlik hisslərinin formalaşmasında da böyük əhəmiyyət daşıyır. Məhz buna görə də Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin əsas elementlərindən biri bu dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması idi. Bu gün həmin strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. “Ərazisinin 20 faizi işğal altında olan ölkənin sürətlə inkişaf etməsi, dini-etnik müxtəlifliyinə baxmayaraq heç bir qarşıdurmanın, ayrı-seçkiliyin yaşanmadığı bir ölkə - Azərbaycan, əlbəttə ki, xarici maraqlı dairələri qıcıqlandırır və onlar sahib olduğumuz sabitliyi, mehribanlığı, qardaşlığı pozmaq üçün gecə-gündüz çalışırlar. Ancaq unudurlar ki, Azərbaycan həmin dövrdəki kimi zəif deyil, tam əksinə, indi o, bütün sahələrdə nəinki regionun, hətta dünyanın qabaqcıl ölkələri sırasındadır. Ona görə də həmin xarici dairələrin cəhdləri uğursuz olub və uğursuzluqlarının davam etməsi üçün bundan sonra da cənab Prezidentin siyasətini dəstəkləməli, bu siyasətin qüsursuz şəkildə icrasına çalışmalıyıq” – deyən Komitə sədrinin birinci müavini dini radikalizm, ekstremizm, fanatizm və mövhumat kimi mənfi tendensiyaların təsiri altına düşməmək üçün gənclərə elm və təhsilə daha çox diqqət və vaxt ayırmağı tövsiyə edib.
Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

.jpg)
.jpg)