30.03.2016
Qusarda “İslam qardaşlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qusar rayonu Avaran kənd məscidi dini icması tərəfindən “İslam qardaşlıq dinidir” layihəsinin növbəti maarifləndirici tədbiri Qusar rayonu Xürel kəndində həyata keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elnur Ağasiyev, Qusar Rayon İcra Hakimiyyəti başçısının Avaran kənd İƏD-i üzrə nümayəndəsi Sabir Fərzəliyev, Avaran kənd bələdiyyəsinin nümayəndələri, Xürel kənd tam orta məktəbin direktoru Rübabə Xasmətova, Avaran kənd məscidi dini icmasının sədri və üzvləri, ağsaqqallar, gənclər və Xürel kənd ictimaiyyəti iştirak ediblər.
Avaran kənd məscidi dini icmasının sədri Əmrah Əmrahov tədbiri giriş sözü ilə açaraq maarifləndirici layihənin məqsədi barədə ətraflı məlumat verib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elnur Ağasiyev Azərbaycanda ənənəvi İslam dininin tarixi və hal-hazırda dövlətin din sahəsində apardığı uğurlu siyasətdən danışaraq bildirib ki, müxtəlif xalqların, eləcə də müxtəlif dinlərin nümayəndələri Azərbaycanda tarixən qardaşlıq və sülh şəraitində yaşayıblar. VII əsrdən Vətənimizdə yayılan İslam dininin bu qardaşlığı daha da möhkəmləndirdiyini, lakin bu birliyi pozmağa çalışanların olduğunu deyən Elnur Ağasiyev 31 mart 1918-ci ildə xalqımıza qarşı törədilən soyqırımı tarixinə nəzər salıb.
Mövzu ətrafında Qusar Rayon İcra Hakimiyyəti başçısının Avaran kənd İƏD üzrə nümayəndəsi Sabir Fərzəliyevin, Xürel kənd məktəbinin direktoru Rübabə Xasmətovanın, kənd ağsaqqalı və dindarı Qədim Nurəliyevin fikirləri dinlənilib.
Sonda Dövlət Komitəsi tərəfindən Xürel kənd məktəbinin kitabxanasına dini maarifləndirici ədəbiyyat hədiyyə edilib.