26.05.2016
Qusarda “İslam qardaşlıq dinidir” layihəsi uğurla icra olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam edir.
Mayın 26-da Qusar rayonu Avaran kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam qardaşlıq dinidir” layihəsinin yekun maarifləndirici tədbiri Qusar rayonu Avaran kənd tam orta məktəbində təşkil edilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Elnur Ağasiyev və Ramin Xudayev, Qusar Rayon İcra Hakimiyyəti başçısının Avaran kənd İƏD üzrə nümayəndəsi Sabir Fərzəliyev, Avaran kənd tam orta məktəbin rəhbərliyi və kollektivi, Avaran kənd məscidi dini icmasının sədri və üzvləri, ağsaqqallar, gənclər iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı E. Ağasiyev məruzəsində tədbir iştirakçılarının diqqətinə Azərbaycanda müxtəlif xalqların, etnosların və etnoqrafik qrupların qarşılıqlı hörmət şəraitində yaşadığını çatdıraraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan reallığındakı müxtəlifliklə bağlı fikirlərini yada salıb: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi Vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev 2016-cı ilin cənab Prezident tərəfindən “Multikulturalizm ili” elan edilməsinin təbii və sosial əsasları olduğunu qeyd edərək bütün Azərbaycan ərazisində olduğu kimi, bölgədə də müxtəlif xalqların və etnosların nümayəndələrinin sülh və sabitlik şəraitində Vətənimizin inkişafı və çiçəklənməsinə öz töhfələrini verdiklərini bildirib.
Avaran kənd İƏD nümayəndəsi Sabir Fərzəliyev DQİDK-nın dəstəyi ilə Avaran kənd dini icması tərəfindən həyata keçirilən layihənin dindarların və gənclərin maariflənməsində böyük əhəmiyyəti olduğunu qeyd edib.
Dini icma sədri Əmrah Əmrahov məscidə və kənd məktəblərinə Dövlət Komitəsi tərəfindən təqdim edilən dini maarifləndirici ədəbiyyatlardan hər kəsin yararlana biləcəyini bildirib.
.jpg)


