Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.10.2016

Qusarda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” adlı tədbir keçirilib

Okyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar şəhərində “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” adlı seminar-treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Maliyyə - təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev və rayon ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev bildirib ki, Qusar rayonunda dini sahədə aparılan tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, son zamanlar aparılan müşahidələr onu deməyə əsas verir ki, əsasən də gənclər arasında qeyri-ənənəvi təriqətlərə meyillilik halları azalıb və demək olar ki, tamamilə dayanıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, Azərbaycan dövləti unikal dövlət olaraq bütün dinlərin, məzhəblərin və etnik xalqların bir yerdə qardaşlıq şəklində yaşadığı məkandır. Bu, Azərbaycan dövlətinin gələcəyə dəqiq hesabladığı strateji planının tərkib hissəsidir.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov tədbirdə geniş məruzə ilə çıxış edib. O, bildirib ki, radikallığı təbliğ edən qüvvələr öz cinayət əməllərini din adına həyata keçirərək ona xüsusi don geyindirir və insanları bu ideologiyaya uymağa vadar edirlər. Məhz bu səbəbdən xeyli sayda gənc müxtəlif ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşaraq həlak olurlar. Dövlətin apardığı məqsədyönlü iş nəticəsində son dövr ərzində Azərbaycandan xarici ölkələrdə vuruşmaq üçün gedən bir nəfər də olsun qeydə alınmayıb.
Qusar şəhəri “Mustafa Kazdal” məscidinin imamı Fəriəddin Rəhimxanov çıxışında Azərbaycanda əsrlərlə mövcud olan ənənəvi İslam dininin xalqımıza verdiyi töhfələrdən bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.