Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.04.2016

Qusar və Xaçmaz rayonlarında maarifləndirmə tədbirləri keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir.
Aprelin 20-də Qusar rayonu Avaran kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam qardaşlıq dinidir” layihəsi çərçivəsində “Multikulturalizm - milli-mənəvi dəyərimizin zənginliyidir” mövzusunda tədbir keçirilib. Qusar rayonu Avaran kənd tam orta məktəbində təşkil edilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elnur Ağasiyev, Avaran kənd bələdiyyəsinin sədri Hacıbala Babayev, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov, Avaran kənd məscidi dini icmasının sədri və üzvləri, ağsaqqallar, gənclər və məktəb kollektivi iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev məruzəsində  Azərbaycanda müxtəlif xalqların, etnosların və etnoqrafik qrupların qarşılıqlı hörmət şəraitində yaşadığını qeyd edərək Ulu Öndər Heydər Əliyevin dahi fikirlərini yada saldı: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.
QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov İslamda olan qardaşlığı və dözümlü, tolerant yanaşmanı hədislərdən və peyğəmbərimizin həyatından misallar gətirməklə izah edib.
Dini icma sədri Əmrah Əmrahov çıxışında Azərbaycançılıq məfkurəsinin bizim hamımızı birləşdirən amal olduğunu vurğulayıb.
* * *
Aprelin 20-də digər maarifləndirmə tədbiri Xaçmaz rayonu Müqtədir qəsəbəsi “Şeyx Ömər” məscidi dini icmasının “Gənclərimizi radikal dini təmayüllü cərəyanların təsiri altına düşməkdən qoruyaq” adlı layihəsi çərçivəsində Xaçmaz rayonunun Yalama kəndində baş tutub.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov, Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini –dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, “Şeyx Ömər” məscidi dini icmasının sədri Məzahir Yəhyayev, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Xaçmaz RİH-in İctimai – siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev açaraq bildirib ki, məhz bu tədbirlərin həyata keçirilməsi öz bəhrəsini real şəkildə verməkdədir. Əvvəlki illərə nisbətən son dövrdə gənclər arasında radikallığa meylli gənclərin sayı kifayət qədər azalmışdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov çıxışında bildirib ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir. Azərbaycan gəncliyi isə dövlətinə və dövlətçiliyinə həmişə sədaqətli olmuşdur və hal- hazırda da bunu istənilən sahədə əldə etdiyi uğurlarla sübuta yetirir.
Tədbirdə çıxış edən digər natiqlər də radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışıblar.