Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2016

Qusar rayonunda “Multikultural dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilib

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Qusar Rayon İcra Hakimiyyəti və Qusar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qusarda “Multikultural dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar RİH-in əməkdaşı Zeynal Əskərov, Qusar rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramin Məcidov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının təlimatçısı Bəhruz Ramazanov, Qusar peşə liseyinin tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri, rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclər iştirak ediblər.
Tədbiri açıq elan edən Qusar rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramin Məcidov 2016-cı ilin “Multikulturalizm” ili elan edildiyini, bu məqsədlə rayonda müxtəlif xalqların, etnik azlıqların mədəni inkişafını təmin edən tədbirlərin həyata keçirildiyini qeyd edib. R. Məcidov ölkə başçısı cənab İlham Əliyevin Qusarı Azərbaycanın “Folklor paytaxtı” elan etməsinin qusarlılar üçün xüsusi önəm kəsb etdiyini və Qusar rayonunun fəal gənclərinin multikultural ənənələrin təbliğində mühüm rol oynadığını vurğulayıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev qeyd edib ki, multikulturalizm Azərbaycanın hələ keçmişdən movcud olan dəyəridir. Bu dəyər bu gün dini icmalar və müxtəlif xalqlar, etnoslar arasında olan tolerantlıq nümunəsində də özünü göstərir. Azərbaycan dövləti unikal dövlət olaraq bütün dinlərin, məzhəblərin və etnik xalqların bir yerdə qardaşlıq şəklində yaşadığı məkandır. Bu, Azərbaycan dövlətinin strateji planının tərkib hissəsidir.
Tədbirdə çıxış edən Qusar rayon Gənclər və İdman idarəsinin əməkdaşı Sevil Dəmirova sülhün qorunması, iqtisadi və mədəni inkişafda multikultural dəyərlərin əhəmiyyətindən danışaraq, Azərbaycanda mövcud olan bu dəyərlərin dünyaya bir nümunə olduğunu bildirib.
Tədbirdə rayon gəncləri adından çıxış edən Qusar peşə liseyinin tələbəsi Nübar Yunusova və digər məruzəçilər qeyd ediblər ki,  Qusar gəncləri hər zaman olduğu kimi, bundan sonra da həm rayonumuzda, həm də ölkəmizdə yüksək səviyyəli tolerantlıq və multikultural ənənələrin qorunub saxlanılmasında əllərindən gələni əsirgəməyəcəklər və bu sahədəki dövlət siyasətinə böyük töhfə verməkdə davam edəcəklər.