26.04.2016
Qusar rayonunda “İslam qardaşlıq dinidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qusar rayonu Avaran kənd məscidi dini icması tərəfindən aprelin 26-da “İslam qardaşlıq dinidir” layihəsinin növbəti maarifləndirici tədbiri Qusar rayonu Avaran kənd məscidində baş tutub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Ramin Xudayev və Elnur Ağasiyev, Qusar Rayon İcra Hakimiyyəti başçısının Avaran kənd İƏD-i üzrə nümayəndəsi Sabir Fərzəliyev, Avaran kənd tam orta məktəbin direktoru Nurulla Davudov, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov, Avaran kənd məscidi dini icmasının sədri və üzvləri, ağsaqqallar, valideynlər, gənclər iştirak ediblər.
Dini icma sədri Əmrah Əmrahov layihə çərçivəsində keçirilən tədbirlərin gənclərdə din haqqında düzgün fikir formalaşmasında mühüm rol oynadığını qeyd edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev maarifləndirici layihənin məqsədi barədə geniş məlumat verib. Bildirilib ki, dini maarifləndirmə işinin gənclər arasında aparılması onların qeyri-ənənəvi və radikal təriqətlərin fəsadlarından ziyan çəkməsinin qarşısını alır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev mövzuya uyğun məruzə edərək tədbir iştirakçılarının diqqətinə Azərbaycanda ənənəvi İslam dininin tarixini çatdırıb. O, bildirib ki, İslam sözünün mənalarından biri də sülhdür, bütün bəşəriyyətin sülh və qardaşlıq şəraitində yaşaması bu dinin əsas qayələrindəndir.
QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov İslamda qardaşlığa xələl gətirən məsələlər, Qusar RİH-in Avaran kənd İƏD üzrə nümayəndəsi Sabir Fərzəliyev isə hər birimizi birləşdirən vacib dəyərlərdən biri olan Azərbaycançılıq məfkurəsi mövzularında məruzə ilə çıxış ediblər.