19 aprel 2013-cü il, saat 17:00-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatının Akt zalında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Böyük Britaniyanın Odlar Yurdu Təşkilatının dəstəyi ilə təşkil olunan Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dini qurumlararası “Tolerantlıq Kuboku” uğrunda mini futbol turnirinin qrup mərhələsinin püşaktma mərasimi keçirilmişdir. Tədbirdə təşkilatçı qurumların rəsmiləri və turnirin iştirakçıları olan komandaların təmsilçiləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov tədbir iştirakçılarını Dövlət Komitəsinin sədri Elşad İskəndərovun adından salamlamış və turnirin məqsədi haqqında ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, “Avropada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş belə turnirlərin təşkilində xüsusi təcrübəsi olan Odlar Yurdu Təşkilatı ilə əməkdaşlığımız artıq bir ənənəyə çevrilmişdir. Bu dəfə isə turnir DQİDK sədri cənab Elşad İskəndərovun təşəbbüsü ilə ilk dəfədir ki, ölkəmizdə təşkil olunur. Turnirin əsas diqqətçəkən məqamı isə iştirakçıların dini qurumların təmsilçiləri olmasıdır. Bu Azərbaycanda bir ilkdir. Turnirin keçirilməsində əsas məqsəd müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi; Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə verilməsi; dini qurumların nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların Ümummilli Lider Heydər Əliyevin ideyaları ətrafında birləşdirilməsi; dini qurumların nümayəndələrinin Azərbaycanın mənəvi dəyərlərinin qorunmasına daha da yaxından cəlb edilməsindən ibarətdir.” Gündüz İsmayılov xüsusi olaraq vurğulamışdır ki, “Turnirin qalibi artıq məlumdur. Bu Azərbaycandakı tolerantlıq ənənəsidir.”
Daha sonra Odlar Yurdu Təşkilatının sədr müavini Samir Paşayev təşkilati məsələlərlə bağlı, Təşkilat Komitəsinin üzvü Tərxan Paşazadə isə turnirin formatı haqqında məlumat vermişdir. Komandaların təmsilçiləri belə bir turnirin təşkilini yüksək qiymətləndirmiş, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycandakı tolerantlıq tarixində müstəsna yeri olduğunu vurğulamışlar.
Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi müəyyənləşmişdir:
"A" qrupu
Katolik Kilsəsi
İmam Rza (Sabunçu)
İmam Rza (Xəzər)
Həyat Sözü
"B" qrupu
GYF
Ümid (Qaradağ)
İçəri Şəhər (Səbayıl)
Yəhudi icması
"C" qrupu
Süleyman (Xəzər)
BDU İlahiyyat
Pravoslav Kilsəsi
Balaxanı (Sabunçu)
"D" qrupu
İmam Hüseyn (Sabunçu)
Qasımbəy (Yasamal)
Məşədi Dadaş (Nəsimi)
Səngəçal (Qaradağ)