21 aprel 2013-cü il, saat 17:00-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Böyük Britaniyanın Odlar Yurdu Təşkilatının dəstəyi ilə təşkil olunan Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dini qurumlararası “Tolerantlıq Kuboku” uğrunda mini futbol turnirinin açılış mərasimi keçirilmişdir. Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov açılış mərasimini açıq elan etmişdir. Daha sonra təşkilatçı qurumların rəsmilərinə söz verilmişdir. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi – sədrin müavini Gündüz İsmayılov tədbir iştirakçılarını Dövlət Komitəsinin sədri Elşad İskəndərovun adından salamlamış və turnirin məqsədi haqqında ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, “Ulu Öndər Heydər Əliyev mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmışdır. Məhz onun 90 illik yubileyi ərəfində belə bir turnirin təşkili müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi; Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə verilməsi; dini qurumların nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların Ümummilli Lider Heydər Əliyevin ideyaları ətrafında birləşdirilməsi; dini qurumların nümayəndələrinin Azərbaycanın mənəvi dəyərlərinin qorunmasına daha da yaxından cəlb edilməsi turnirin keçirilməsində əsas məqsəddir.” Daha sonra o, xüsusi olaraq vurğulamışdır ki, “belə bir turnir ilk dəfədir ki, ölkəmizdə təşkil olunur.”
Odlar Yurdu Təşkilatının rəsmisi – sədrin müavini Samir Paşayev tədbir iştirakçılarını təmsil etdiyi təşkilatın sədri İlham Nağıyevin adından salamlamış və çıxışında bildirmişdir ki, Odlar Yurdu Təşkilatı Ümummilli Lider Heydər Əliyevin xatirəsini hər zaman əziz tutmuş, bunu öz əməli fəaliyyətləri ilə də dəfələrlə sübut etmişlər. O, vurğulamışdır ki, “Artıq İlham Nağıyevin bilavasitə təşkilatçılığı ilə Böyük Britaniyada və Avropanın müxtəlif ölkələrində Ümummilli Liderin xatirəsinə həsr olunmuş belə turnirlərin keçirilməsi xüsusi bir ənənə halını almışdır. Ona görə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Elşad İskəndərov belə bir turnirin bu dəfə Azərbaycanda keçirilməsini təklif etdikdə, biz dərhal razılaşdıq. Biz Dövlət Komitəsi ilə əməkdaşlığımızdan böyük məmnunluq duyuruq.”
Açılış mərasimin başa çatdıqdan sonra komandalar meydana dəvət olunmuşdur.