23.02.2016
"Dini radikalizmə qarşı mübarizə yolları və milli -mənəvi dəyərlərimizin təbliği" layihəsi uğurla icra olunur
Fevralın 22-si Lerik rayonu Gürdəsər kənd məscidi dini icmasının həyata keçirdiyi "Dini radikalizmə qarşı mübarizə yolları və milli -mənəvi dəyərlərimizin təbliği" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Gürdəsər kənd məscidi dini icmasının sədri Rafiq Kişiyev eləcə də dindarlar, kənd sakinlər, ziyallılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışaraq, Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.Şöbənin əməkdaşı qeyd edib ki, xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Natiq İslam dinini radikalizmə sürükləmək və terrorla əlaqələndirmək meyillərinin artmasından da bəhs edərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb.
Tədbirdə Lüləkəran kənd məscidinin axundu, dini icmanın sədri Rauf Əliyev "Dini radikalizm və onun fəsadları", Gürdəsər kənd məscidi dini icmasının sədri Rafiq Kişiyev "Dini radikalizm və onunla mübarizə", Gürdəsər kənd sakini, din xadimi Emil Əzizov "Qurani Kərim və Peyğəmbər sünnəsində radikallığa baxış" mövzuları üzrə məruzələrlə çıxış edərək, tədbir iştirakçılarını məlumatlandırıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.