18.06.2016
"Dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzusunda tədbir keçirilib
İyunun 17-də Sabirabad Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin və “Bizim Nəsil” Gənclər Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sabirabad rayonu Yeni Azərbaycan Partiyasının inzibati binasında "Dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Dini Komissiyanın sədri Həsən Həsənov, Gənclər və İdman Nazirliyi yanında Gəclərlə iş üzrə İctimai Şuranın sədri, “Bizim Nəsil” Gənclər Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyev, Sabirabad Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mirzağa Hümbətov, QMİ-nin Sabirabad-Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov qeyd edib ki, ölkəmizdə zəngin multikultural və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Gənclər və İdman Nazirliyi yanında Gəclərlə iş üzrə İctimai şuranın sədri Nurəddin Mehdiyev dini ekstremizmin fəsadlarından, İslam dünyasında, o cümlədən ölkəmizdə dini ekstremizmin yaranma səbəbləri və dini dəyərlərimizi qorumaqla dini radikalizmlə mübarizə aparmağın üsullarından bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili məhz "Multikulturalizm ili" elan etməsini Azərbaycandakı tolerant mühit və multikultural ənənəyə hörmətin yüksək olması ilə əlaqədar olduğunu söyləyərək ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə” sənədli filmi nümayiş olunub.

