03.03.2017
Qubanın II Nügədi kəndində mədəni müxtəliflik mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Quba rayon II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması martın 3-də “Mədəni müxtəliflik: Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli” layihəsi çərçivəsində “Multikultural cəmiyyətdə birgəyaşayışı şərtləndirən əsas amillər” mövzusunda tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov və kənd ictimaiyyəti iştirak ediblər.
II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə mövzu ilə bağlı çıxış edərək qeyd edib ki, dövlət tərəfindən dini icmalara ayrılmış maliyyə yardımı ilk növbədə əhalinin dini sahədə düzgün maarifləndirməsinə kömək edir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev bildirib ki, Azərbaycan mədəniyyətinin əsasını müxtəliflik təmsil edir. Belə ki, burada təkcə bir xalqın və yaxud bir dinə sitayiş edən insanlar toplumu deyil, müxtəlif dilə və dinə mənsub bir çox xalqlar və etniklər əsrlər boyu bərabər və qardaşlıq şəklində yaşayıblar. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasətin fonunda yalnız tolerant və multikultural dəyərlərə hörmət prinsiplərinin qorunması durur.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edərək bildirib ki, ölkəmizdə radikalizmə meyillənmə halları xeyli azalıb, əsrlərlə mövcud olan ənənəvi dini inanclara hörmət hissi daha da artıb. Qeyd edib ki, ötən il “Multikulturalizm ili” çərçivəsində respublikamızda, o cümlədən Quba rayonunda çoxsaylı tədbirlər keçirilib, Azərbaycanın multikultural ənənələri və tolerant dəyərləri ictimaiyyətə nümayiş etdirilib.
II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov çıxışında İslam dininin əsl mahiyyətini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.