22.01.2018
Qubanın Çartəpə kəndində dini maarifləndirmə tədbiri keçirilib
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Quba rayonu Xucbala kənd məscidi dini icması tərəfindən rayonun Çartəpə kəndində “İslam sülh və tolerantlıq dinidir” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov, Çartəpə kənd ümumi orta məktəbinin direktoru Bəhruz Bəybalayev, dini icma sədri Həmdulla Vəliyev və kənd ictimaiyyəti iştirak edib.
İlk öncə Azərbaycanın azadlığı və bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Quba rayonu Çartəpə kənd ümumi orta məktəbinin direktoru Bəhruz Bəybalayev dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışaraq bildirib ki, keçirilən tədbirlər yeniyetmə və gənclərin dini radikalizmdən qorunmasında böyük əhəmiyyət daşıyır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, qloballaşan dünyada İslama münasibət müxtəlif olsa da əslində İslam dini birlik, bərabərlik və sülh dinidir. Bu dinin mahiyyətini dəyişməklə gözdən salmağa çalışanların əsəs məqsədi dindən alət kimi istifadə etməklə onun adına xələl gətirməkdir.
Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov vurğulayıb ki, təhsil müəssisələrində düzgün dini biliklərin aşılanması, dini maarifləndirmə tədbirlərinin təşkil olunması gənc nəslin maariflənməsində müstəsna rola malikdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.