12.07.2016
Qubada“Multikultural dəyərlər işığında radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib
İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Digah kəndində “Multikultural dəyərlər işığında radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba RİH başçısının Xucbala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pənah İbrahimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev dünyada dini dözümsüzlüyün baş alıb getdiyi dövrdə Azərbaycanda mövcud olan tolerantlığın bütün dünyaya həqiqi nümunə olduğunu qeyd edərək, ölkəmizdə hər kəsin dini etiqad azadlığının və milli-mənəvi dəyərlərinin qorunduğunu bildirib. O, öz çıxışına davam edərək dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolundan danışıb.
Quba RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov Azərbaycanda mövcud olan multikultural mühitdən, müxtəlif xalqların və etnosların sülh və bərabərlik şəraitində yaşamasından danışaraq Quba rayonunun da bu cəhətdən zəngin olduğunu və 20-dən çox xalqın mehriban şəraitdə yaşadığını vurğulayıb.
Sonda tədbir iştirakçılarına DQİDK-nın dəstəyi ilə çap edilən maarifləndirici ədəbiyyat hədiyyə edilib.

.jpg)

