27.02.2018
Qubada Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Quba şəhəri “Ərdəbil” məscidində Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, rayonun din xadimləri, imamlar, dini icma sədrləri, mütəvəlli və dini ayin icraçıları iştirak ediblər.
Tədbir Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Qurani-Kərim”dən ayələr oxunub.
QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov bildirib ki, Xocalı faciəsi 20-ci əsrin ən dəhşətli faciələrindəndir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət hadisəsidir.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında qeyd edib ki, Azərbaycan dövləti xalqımıza qarşı törədilmiş bu faciənin dünya səviyyəsində tanınması və faciəni törədənlərin ifşa olunması istiqamətində mühüm işlər görür.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev bilidirib ki, Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq bölgə dindarlarının iştirakı ilə bütün məscidlərdə çoxsaylı tədbirlər keçirilir, imamlar cümə xütbələrini bu faciəyə həsr edərək dindarları məlumatlandırıblar.
Daha sonra Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən ən yaxşı cümə xütbələrini təqdim etmiş imamlar QMİ-nin Quba bölgəsi tərəfindən təltif olunub.
Sonda şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib.