Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.02.2017

Qubada Xocalı faciəsinə həsr olunmuş anım tədbirləri davam edir

Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və Quba rayonunda fəaliyyət göstərən dini icmaların iştirakı ilə Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunub. Ziyarətdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları, Quba rayonunda fəaliyyət göstərən dini icmanın rəhbərləri, üzvləri və dindarlar iştirak ediblər.
İştirakçılar komplekslə tanış olublar, orada yerləşdirilmiş tarixi faktları izləyiblər.
Xatirə abidəsinin yaradılması haqqında məlumat verən memorial kompleksin əməkdaşı Xəyal Nöhbalayev bildirib ki, ölkə rəhbəri, cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə inşa edilən bu kompleksdə 1918-ci ilin mart – may aylarında Quba qəzasında ermənilərin və onların havadarlarının həyata keçirdiyi misli görünməmiş qırğınların qurbanlarının sümükləri qorunur. Fəaliyyətə başladığı dövrdən minlərlə xarici vətəndaş bura gələrək baş vermiş faciə ilə yerində tanış olur və erməni vəhşiliklərini əyani şəkildə öz gözləri ilə görürlər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, tarix boyu ermənilər Azərbaycan xalqına qarşı soyqırım aktı həyata keçiriblər. 1992-ci ilin 25 – 26 fevral tarixində Xocalıda baş vermiş soyqırımı hadisəsi də bu qəbildəndir. Erməni terrorçuları xalqımıza qarşı amansız qətliam etməkdən çəkinmir, dünya ictimaiyyətinin gözünün içinə baxa-baxa bu əməllərini icra ediblər. Lakin, Azərbaycan dövləti güclü dövlətdir. Son illərdə Xocalı faciəsinə düzgün qiymət verilməsi istiqamətində dünya dövlətləri arasında və beynəlxalq təşkilatlarda böyük işlər görülüb.
Sonda soyqırım qurbanlarının ruhlarına dualar oxunub.