Qubada soyqırımı qurbanları yad edilib
Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə şöbənin əməkdaşları, bölgədə fəaliyyət göstərən QMİ-nin səlahiyyətli nümayəndələri və din xadimləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Ziyarət zamanı 1918-ci ildə Qubada kütləvi şəkildə amansızlıqla qətlə yetirilərək həmin ərazidə quyulara doldurulmuş həmyerlilərimizin 2007-ci ildə aşkarlandıqdan sonra Azərbaycan dövləti tərəfindən dinimizə və mənəviyyatımıza uyğun şəkildə dəfn olunduqları yer və abidənin önünə gül dəstələri qoyulub.
Din xadimləri Quranı-Kərimdən surələr oxuyub, soyqırım qurbanlarının ruhlarına dualar ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev abidə önündə çıxış edərək bildirib ki, 1918-ci ilin mart-may aylarında Quba qəzasında ermənilər tərəfindən həyata keçirilən qırğınlar Azərbaycan xalqına qarşı məqsədli şəkildə təşkil olunmuş soyqırımı aktıdır. Postsovet dönəmində məqsədli şəkildə bu soyqırımı aktı ört-basdır edilsə də, müstəqillik əldə olunduqdan sonra və Ulu Öndər Heydər Əliyevin, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin qətiyyəti və iradəsi hesabına beynəlxalq aləmdə tanıdılmağa başlanılıb.


