Qubada şəhid ailələri və qazilərin iştirakı ilə onlayn tədbir keçirilib
Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Quba Rayon İcra Hakimiyyəti (RİH), “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələləri” İctimai Birliyinin Quba rayon təşkilatı və Qafqaz Müsəlmanları İdarəsinin Quba, Xaçmaz və Qusar rayonları üzrə Qazılığının dəstəyi ilə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” adlı onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asəf Şirinov, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələləri” İctimai Birliyinin Quba rayon təşkilatının sədri Yusif Nöhbalayev, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov, rayonda fəaliyyət göstərən din xadimləri, eləcə də şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Bildirilib ki, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Şəhid ailələrinin üzvləri və qazilər də çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını dilə gətiriblər.