Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.01.2018

Qubada müsəlman və yəhudi dini icmaları şəhid ailələri ilə görüş keçirib

Yanvarın 17-də Quba şəhəri “Ərdəbil” məscidi dini icması, Quba rayonu Qırmızı qəsəbə Dağ yəhudiləri dini icması və Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Quba şəhəri “Ərdəbil” məscidində Azərbaycanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin ailələri ilə görüş keçirilib.
Görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə üzrə nümayəndəsi Pisax İsakov, Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yafo Yedadayeva, Quba şəhəri “Ərdəbil” məscidi dini icmasının sədri, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, Quba rayonu Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Yuriy Naftaliyev, dini icma və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Görüşdə ilk çıxış edən Quba şəhəri “Ərdəbil” məscidi dini icmasının sədri, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov bildirib ki, 1988-ci ildən başlayaraq qəsbkar erməni vandallarının xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq siyasəti nəticəsində vətəndaşlarımız doğma yurd-yuvalarından didərgin düşüb, yüzlərlə övladımız canından keçərək şəhid olub. Qeyd edib ki, hazırda atəşkəs rejimi olsa da yenə də ara-sıra düşmən mənfur əməlindən əl çəkməyərək atəşkəsi pozur və buna görə də layiqli cavablarını alırlar.
Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə üzrə nümayəndəsi Pisax İsakov görüşdə çıxış edərək bildirib ki, şəhid ailələri bizim hər birimizin əzizidir. Onların balaları Vətən və millət yolunda şəhid olublar. Dağ yəhudiləri də Vətənləri olan Azərbaycanın uğrunda döyüşməyə və şəhid olmağa hazırdırlar.
Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yafo Yedadayeva çıxışında milliyətcə yəhudi olan, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun işğal altında olan torpaqlarımız uğrunda qəhrəmanlıqla döyüşdüyünü və şəhid olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Şəhid Anaları Cəmiyyətinin Quba rayonu üzrə nümayəndəsi, şəhid anası Rəna Cəfərova çıxışında Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda həlak olmuş insanlarımıza Allahdan rəhmət diləyib. O bildirib ki, güclü Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı hər an azad etməyə və şəhidlərimizin qisasını almağa qadirdir.     
Sonda 30 şəhid ailəsinə dağ yəhudilərinin sovqatları paylanılıb.