Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.04.2017

Qubada milli-mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuş dəyirmi masa təşkil olunub

Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti və Quba Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Quba şəhər Texniki Təmayüllü liseydə “Milli-mənəvi dəyərlərin qorunub və inkişaf etdirilməsində yeniyetmə və gənclərin rolunun artırılması” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Rayon Təhsil şöbəsinin əməkdaşı Mehbarə Qubatova, Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Eynulla Camalov, Quba şəhər Texniki Təmayüllü liseyin direktoru Gülzar Əyyubova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Gülzar Əyyubova bildirib ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın əsas vəzifələrindən biridir. Azərbaycan xalqının minilliklərə söykənən dəyərləri bu gün də qorunub saxlanılmaqdadır. Bunun da əsas səbəbi xalqımızın öz milli kimliyinə və dövlətçilik ənənələrinə bağlı və sədaqətli olmasıdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Azəraycanın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan ənənəvi İslam dinindən və bu dinin Azərbaycanda özünəməxsus modelinin yaranmasından bəhs edərək qeyd edib ki, Azərbaycanda dini sahəyə qayğı dünya dövlətlərinin diqqətini cəlb edib. Təsadüfi deyil ki, son iki ildə Azərbaycanda dini sahədə atılan böyük addımlar beynəlxalq aləm tərəfindən xüsusi maraqla izlənilir. 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması ilə ölkəmizdə hökm sürən dini sabitliyin nə qədər möhkəm qorunduğu bir daha nümayiş etdirilir.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzsiz xidmətlərinin olduğunu qeyd edib.
Daha sonra liseyin tarix müəllimi Elxan Məmmədov, XI sinif şagirdi Bahar Şirinova və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.