Qubada məişət zorakılığına dair tədbir keçirilib
Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığı və Quba Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” adlı vebinar keçirilib.
Vebinarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov, Quba Dövlət Sosial İqtisadi Kollecinin şöbə müdiri Səkinə Bayramova, kollecin müəllim və tələbələri iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, məişət zorakılığı problemi bu günün deyil əsrlərlə gələn problemlərdən biridir. Burada əsas məsələ insanların savadlılığının artırılması, tərəflərin biri-birinə insani münasibətlər aşılamaqla yaşamasının inkişaf etdirilməsindədir. Azərbaycanda məişət zorakılığı hallarına təsadüf olunsa da ümumilikdə adət-ənənələrimiz, milli dəyərlərimiz istənilən zorakılıq halına qarşı immunitet rolunu oynayır və ölkəmizdə qadına böyük dəyər verilir.
Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında beynəlxalq təcrübəyə əsaslanan məişət zorakılığı, insanların qarşılıqlı münasibətdə hüquq pozmalara yol açan hərəkətlərinin beynəlxalq hüquqla tənzimlənmə metodlarından danışaraq xüsusi vurğulayıb ki, Azərbaycanda da bu sahədə işlər aparılır və uğurlu nəticələr əldə olunur.
QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov İslam dinində qadın və ailə dəyərlərinə verilən qiymətdən bəhs edərək, Məhəmməd peyğəmbərin hədislərindən sitatlar gətirib.
Quba Dövlət Sosial İqtisadi kollecinin şöbə müdiri Səkinə Bayramova və kollecin psixoloqu Bilqeyis Xəlilova çıxış edərək bildiriblər ki, azyaşlı qızların erkən nikaha cəlb olunmasına cəhdlər günümüzdə də var və bu, qarşısı alınmalı olan ən əsas problemlərdən biridir.
Vebinarda iştirak edən digər şəxslər də müzakirələrə qoşulub, fikirlərini bildiriblər.



