Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.02.2017

Qubada mədəni müxtəliflik mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Quba rayon II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması fevralın 9-da “Mədəni müxtəliflik: Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli” layihəsi çərçivəsində “Multikultural cəmiyyətdə birgə yaşayışı şərtləndirən əsas amillər” adlı tədbir keçirib.
II Nügədi kənd 3 saylı tam orta məktəbində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov və kənd ictimaiyyəti iştirak ediblər.
“Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə tədbiri açaraq qeyd edib ki,  dövlət tərəfindən dini icmalara göstərilən qayğı onların fəaliyyətini daha da intensivləşdirir, dini maarifləndirmə işinin aparılması və milli-mənəvi dəyərlərin təbliği üçün geniş imkanlar yaradır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanda mövcud olan multikultural dəyərlərin əsasını tolerant düşüncə təşkil edir. Azərbaycanda yaşayan heç bir şəxsə dininə, dilinə, irqinə və başqa mənsubiyyətlərinə görə fərq qoyulmur. Natiq daha sonra xatırladıb ki, ötən ilin Azərbaycanda “Multikulturalizm ili” olması və ilin məntiqi davamı olaraq bu ilin də cənab Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması dünyanın dini problemlər içində boğulduğu bir dövrdə birliyə, əmin-amanlığa və sülhə çağırışdır və atılan böyük bir addımdır.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov məruzəsində qeyd edib ki, dünyada çox az ölkə vardır ki, orada monoetnik yaşayış mövcuddur. Lakin, əksər ölkələrdə müxtəliflik vardır. Bu da mədəni müxtəlifliyin yaranmasına səbəb olur. Azərbaycan isə bu dövlətlərin arasında ən gözəl nümunə sərgiləyir.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edərək bildirib ki, ölkəmizdə radikalizmə meyillənmə halları xeyli azalıb, əsrlərlə mövcud olan ənənəvi dini inanclara hörmət hissi daha da artıb. Bildirib ki, ötən il “Multikulturalizm ili” çərçivəsində respublikamızda, o cümlədən Quba rayonunda çoxsaylı tədbirlər keçirilib, Azərbaycanın multikultural ənənələri və tolerant dəyərləri bir daha bütün dünyaya nümayiş etdirilib.
“Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov çıxışında dövlətin dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndirdiyini bildirərək, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. O, ənənəvi İslam dininin əslində radikalizmdən uzaq, bütün millətləri birləşdirən tolerant din olduğunu qeyd edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.