Qubada maarifləndirmə tədbiri baş tutub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə aprelin 12-də Quba rayonu Qırmızı Qəsəbə İsaak Xanukov adına 1 saylı tam orta məktəbdə “Dinlərin humanist mahiyyəti, tolerantlıq və multikulturalizm - din adından istifadə edən radikal qruplara qarşı” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Quba RTŞ-nin əməkdaşı Mənsur İlyasov, məktəbin direktor müavini Sevil Hüseynova, müxtəlif etnik və dini ailələrdən olan gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qırmızı Qəsəbə İsaak Xanukov adına 1 saylı tam orta məktəbin direktor müavini Sevil Hüseynova mövzunun aktuallığından, gənclərin dinin mahiyyətini doğru anlaması üçün bu formatda keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev tədbirdə məruzə ilə çıxış edərək bildirib ki, multikulturalizm və tolerantlıq Azərbaycanı bütün dünyada sülhün təminatçısı kimi tanıdan yüksək mənəvi dəyəridir. Bu dəyər özünü ölkəmizdə müxtəlif dini icmalar və müxtəlif xalqlar, etnoslar arasında olan tolerantlıq, qarşılıqlı anlaşma və sülh nümunəsində göstərir.
Quba RTŞ-nin əməkdaşı Mənsur İlyasov dövlətin təhsilə qayğısından, milli-mənəvi dəyərlərimizdən, İslam və digər dinlərdə həmrəyliyin əhəmiyyətindən, dinlərin elmə verdiyi dəyərdən danışaraq qeyd edib ki, gənclərimiz yalnız yüksək səviyyəli təhsil alaraq, öz savadlarını artıraraq ölkəmizin inkişafına və çiçəklənməsinə öz töhfələrini verə bilərlər.

