Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.07.2018

Qubada Gəncə hadisələri ilə bağlı tədbir keçirilib

İyulun 19-da Quba Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının təşkilatçılığı ilə 3-10 iyul tarixlərində Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar rayon gəncləri ilə birlikdə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının dekan müavini Nübar Bayramova, Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli, YAP Quba rayon təşkilatı Gənclər Birliyinin sədri Habil Bayramlı və rayonun ictimai fəal gəncləri iştirak ediblər.
YAP Quba rayon təşkilatının sədri Y.Abidov Gəncədə baş vermiş hadisələrin dövlət məmuruna və ictimai asayişi qoruyan əməkdaşlara qarşı düşünülmüş terror aktı olduğunu qeyd edib. O bildirib ki, bu gün Azərbaycanın siyasi, iqtisadi nailiyyətlərini, eləcə də yürütdüyü daxili və xarici siyasəti qəbul etmək istəməyən qüvvələr mövcuddur. Xüsusən də Azərbaycanda düşmən qüvvələrə, ermənilərə, onların xüsusi xidmət orqanlarına xidmət edənlərin bu təxribatda rolu var.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri E.Nurullayev dini radikalizmin fəsadlarından danışıb. Natiq dünyanın bir çox ölkəsinin dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini qeyd edib və bildirib ki, bu gün dünyada, əsasən də müsəlman ölkələrində sabitliyin pozulmasında din amilindən istifadə etmək istəyən neqativ qüvvələr var.  Bugünlərdə Gəncədə baş verən hadisələrə toxunan E.Nurullayev Azərbaycan xalqının və dövlətimizin əzmi sayəsində ölkədə xaos yaratmaq cəhdlərinin növbəti dəfə süquta uğradığını vurğulayıb. O, bu hadisələrin dövlətimizə qarşı törədilən terror olduğunu deyib.
Daha sonra çıxış edən Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov dindən iğtişaş törətmək üçün istifadə edənlərin məkrli niyyətlərindən, İslam dininin insan qətlinə qarşı olmasından, Gəncə hadisələrinin əslində din pərdəsi altında gizlədilən terror aktı olduğundan danışıb.
ADPU Quba filialının dekan müavini Nübar Bayramova tədbirdə çıxış edərək bildirib ki, millət tarixi inkişaf prosesində meydana çıxan sosial identifikasiyadır. Bunu müəyyən edən də elə məhz mənəvi dəyərlərdir. O bildirib ki, Azərbaycan cəmiyyətində insanlar etnik, irqi, dini mənsubiyyətinə görə fərqli ola bilər. Lakin onları burada bir-birinə bağlayan dəyərlər eynidir. Əgər biz yaşadığımız məkanda xalq kimi formalaşmasaydıq, var olmaq üçün mücadilə etməsəydik o zaman indiki keyfiyyətlərə malik olmazdıq. Azərbaycan xalqı dövlətinin arxasındadır, dövlət isə sabitliyin qarantıdır.
YAP Quba rayon təşkilatı Gənclər Birliyinin sədri Habil Bayramlı gənclərin xaos yaratmaq istəyən qüvvələrə qarşı olduğunu, xüsusilə, sosial şəbəkələr vasitəsilə ölkədə qarşıdurma və xaos yaratmaq istəyən qüvvələrə qarşı gənclərin diqqətli olmasının, yalanlara inanmamasının vacib olduğunu bildirib.