10.10.2016
Qubada “Fitnə” filmi nümayiş etdirilib
Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş “Fitnə” filmi nümayiş etdirilib. Film nümayiş etdilmədən əvvəl dini radikalizmlə mübarizə yollarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə DQDİK-nın şöbə müdirləri Oqtay Hüseynov, Əliheydər Zülfüqarov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Əli Allahverdiyev, filialın müəllim, işçi və tələbə heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru Əli Allahverdiyev bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində mütəmadi olaraq tələbələrlə dini radikalizmlə mübarizə yollarına həsr olunmuş söhbətlər aparılır. O, qeyd edib ki, tələbələr arasında dini fanatizmə və radikalizmə meyillənənlərə rast gəlinmir. Filialın tələbələri müasir biliklərə yiyələnməklə gələcək nəsillərə yeni töhfələr vermək fikrindədirlər.
DQİDK-nın Dini Qurumlarla İş şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Fitnə” filmi haqqında məlumat verərək bildirib ki, filmin çəkilməsinin əsas məqsədi gənclərlə maarifçilik işi aparmaqdır. Onlara İslam dinini olduğu kimi öyrənməyə kömək etmək, aldadılaraq dindən uzaqlaşdırmaqla din adı altında başqa-başqa dövlətlərin qanunsuz silahlı birləşmələrinin tərkibində vuruşmağa cəlb olunmasının qarşısını almaqdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək vurğulayıb ki, Azərbaycanlı gənc fəxr etməlidir ki, bu gün onun təmsil etdiyi ölkənin multikulturalizm ənənəsi Avropanın bir sıra dövlətlərinin universitetlərində fənn kimi tədris olunur. Azərbaycan dövləti də gənclərin sağlam və bilikli böyümələri və yetişmələri üçün əlindən gələni edir.
Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında bu cür maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyətini qeyd edib. O, bildirib ki, Quba Rayon İcra Hakimiyyəti Dövlət Komitəsi ilə son bir ayda rayonun kəndlərinə səfərlər edərək yerli sakinlərlə görüşüb və maarifləndirmə işləri aparıblar.
Daha sonra film nümayiş etdirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.