Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.08.2017

Qubada “Ənənəvi İslam və həmrəylik” adlı layihə çərçivəsində keçirilən tədbirlərə yekun vurulub

Avqustun 25-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Quba şəhəri “Ərdəbil” məscidi dini icması tərəfindən “Ənənəvi İslam və həmrəylik” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov, Quba şəhəri “Ərdəbil” məscidi dini icmasının sədri Naib Səttarov və başqaları iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında bildirib ki,  Azərbaycanda mövcud olan tolerant mühit, İslam dininə olan dövlət qayğısı, ölkəmizdə olan müxtəlif dinlərin, konfessiyaların nümayəndələri üçün yaradılan mövcud şərait, dini etiqad azadlığının təmin edilməsindən xəbər verir.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov çıxışında dövlətimizin dini sahədə həyata keçirdiyi təqdirəlayiq siyasətin beynəlxalq arenada müsbət qarşılandığını qeyd edib. Natiq bildirib ki, Azərbaycan bütün dünyada sülh və həmrəyliyin tərəfdarıdır.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında Quba rayonunda son dövrdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin cəmiyyətə müsbət təsirindən bəhs edib.
Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov bildirib ki, rayonda fəaliyyət göstərən bütün kitabxanalara dövlət tərəfindən nəşr edilmiş maarifləndirici dini ədəbiyyatlar paylanılaraq oxucuların ixtiyarına verilib. Bundan əlavə, vaxtaşırı tərtib olunmuş tədbirlər planına uyğun olaraq dini biliklərin düzgün təbliği üçün  maarifləndirici görüşlər, seminar – treninqlər və digər tədbirlər keçirilir.
Quba şəhəri “Ərdəbil” məscidi dini icmasının sədri, QMİ-nin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı, layihə rəhbəri Hacı Naib Səttarov çıxışında dövlətin dini sahəyə göstərdiyi qayğıdan bəhs edib.
Sonda iştirakçılara dini maarifləndirici ədəbiyyatlar paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.