Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2016

Qubada dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Hacıhüseynli kənd İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin sakinlərinin iştirakı ilə “Dini radikalizmlə ideoloji mübarizə” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayonu Hacıhüseynli kənd İnzibati Ərazi Dairəsi üzrə Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsinin müavini Ələsgər Manafov, əraziyə daxil olan kəndlərin din xadimləri, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba rayonu Hacıhüseynli kənd İƏD üzrə Quba Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsinin müavini Ələsgər Manafov bildirib ki, ölkədə dini sahədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda radikallığa meyillənmə hallarında səngimə yaranıb. Artıq azərbaycanlı gənclər xarici dövlətlərdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməyə getmirlər. Onlar düzgün olaraq dərk edirlər ki, hər kəs öz Vətəninin azadlığı uğrunda döyüşlərdə iştirak etməlidir.
Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov qeyd edib ki, Quba Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi birlikdə Quba rayonunun ərazisində dini maarifləndirmə sahəsində çoxsaylı tədbirlər təşkil edir və ən ucqar kəndlərdə belə görüşlər keçirirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının qayğısına qalaraq onun bütün problemlərinin həlli üçün adekvat addımlar atır. Dini sahədə radikallığı təbliğ edib, vətəndaşlarımızı aldadaraq münaqişəli ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmağa həvəsləndirənlərlə yalnız həyata keçirilən güclü ideoloji işin nəticəsində qalib gəlmək mümkün olub.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra iştirakçıların sualları cavablandırılıb.