21.06.2016
Qubada “Dini radikalizmlə mübarizədə mötədil dindarların rolu” mövzusunda tədbir keçirilib
İyunun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü və Quba rayonu Xucbala kənd məscidinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə mötədil dindarların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Ramin Xudayev, Elnur Ağasiyev, QMİ-nin Quba bölgəsi üzrə qazısı Hacı Naib Səttarov, kənd məscidinin imamı Namik Məmmədov, ağsaqqallar, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Quba bölgəsi üzrə qazısı Hacı Naib çıxışında dini radikalizmlə mübarizədə savadlı, vətənpərvər və kamil dindarların biliyindən maksimum dərəcədə istifadə olunmasının önəmini xüsusilə qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev bildirib ki, dini radikalizmlə mübarizənin ən effektiv yolu düzgün maarifləndirmə və təbliğatdan asılıdır.
Tədbirdə çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev Azərbaycan xalqının əsrlər boyu yaşadıb bu günümüzə gətirib çıxardığı adət-ənənələr arasında multikultural və tolerant dəyərlərin özünəməxsusluğunu diqqətə çatdırıb.
Sonda məscidin imamı Namik Məmmədov qeyd edib ki, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi yeniyetmə və gənc nəsildə yeni biliklərin aşılanmasına səbəb olur və onlar öz milli kimliklərinin əsl mahiyyətinə varmış olurlar.
Yekunda iştirakçıların sualları cavablandırılıb.
Yekunda iştirakçıların sualları cavablandırılıb.