Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2016

Qubada “Dini radikalizmlə mübarizədə gənclərin rolunun artırılması” adlı tədbir keçirilib

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin və Quba Dövlət Sosial – İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə gənclərin rolunun artırılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Dövlət Sosial – İqtisadi Kollecinin direktoru Laçın Səfərəliyev, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba Dövlət Sosial – İqtisadi Kollecinin direktoru Laçın Səfərəliyev bildirib ki, təhsil müəssisələrində keçirilən bu cür  görüşlərdə gənclər dövlətin həyata keçirdiyi tədbirlərin mahiyyətini dərk edir və birmənalı olaraq radikallığı təbliğ edən dini qruplaşmalara yaxınlaşmaqdan çəkinir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev  çıxışında bildirib ki, gənclər yaşadığı hər bir ölkənin əsas potensialıdır. Radikal qüvvələr də bunu dərk edərək məhz bu potensialdan öz xeyirlərinə istifadə etmək istəyirlər. Azərbaycan gənci birmənalı olaraq bilməlidir ki, onun güclü və suveren dövləti vardır. Onu qorumaq, milli-mənəvi dəyərlərə sahib çıxmaq məhz bu gəncliyin əlindədir. Azərbaycan gənci mübarizdir, vətəninə və dövlətinə sədaqətlidir.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışı zamanı qeyd edib ki, Tədbirlər Planı çərçivəsində “Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsi ilə birlikdə bir sıra tədbirlər həyata keçirilib. O, qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Fitnə” filmi tələbə və müəllimlər üçün nümayiş etdirilib. Filmdən sonra gəncləri maraqlandıran bir çox suallar cavablandırılıb.