Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.08.2019

Qubada “Dini radikalizmlə mübarizə: necə və nə etməli” mövzusunda seminar-treninq keçirilib

 

26-27 avqust tarixlərində Quba rayonu Xucbala kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə: necə və nə etməli” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısının Xucbala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Piroğlan Abdullayev, din xadimləri və gənclər iştirak ediblər.

İki günlük seminar-treninqdə DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini radikalizm və onun mahiyyəti, dini radikalizmdən qorunmaq yolları barədə məruzə edib. Bildirib ki, dindarlar və din xadimləri, dini icmalar radikal və qeyri-ənənəvi təriqətlərin qarşısının alınmasında yaxından iştirak etməlidir. Cahandar Əlifzadə dövlət-din münasibətlərindən, dövlətin gənclər siyasətindən söz açaraq, bir sıra radikal dini qrupların əsas hədəflərinin gənclər olduğunu vurğulayıb.

Daha sonra DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək dini radikalizmin fəsadlarından danışıb.

Tədbir müzakirələr əsasında davam etdirilib, iştirakçıların sualları cavablandırılıb və din xadimlərinin fikirləri dinlənilib.