Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2015

Qubada dini radikalizmlə bağlı tədbir keçirilib

Sentyabrın 30-da Quba rayonunun Xucbala inzibati ərazi dairəsi (İƏD) üzrə Nümayəndəliyinə daxil olan Digah kəndində İƏD-ə daxil olan kəndlərin sakinlərinin iştirakı, Quba Rayon Prokurorluğunun təşəbbüsü və Quba Rayon Polis şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birgə iştirakı ilə “Dini radikalizmlə mübarizə yolları” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba rayon prokuroru Valeh Səmədov, Quba Rayon Polis şöbəsinin rəisi Telman Ağasiyev, Xucbala İƏD üzrə nümayəndə Pənah İbrahimov, İƏD-ə daxil olan kənd məscidlərinin  imamları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Quba rayon prokuroru Valeh Səmədov açaraq bildirib ki, həyata keçirilən bu tədbirin əsas məqsədi rayonun kəndlərində yaşayan əhali ilə dövlət orqanlarının birlikdə radikalizmə qarşı mübarizə aparma yollarını müəyyənləşdirməkdən ibarətdir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə məruzə ilə geniş çıxış edərək, dini radikalizm və onun törətdiyi fəsadlar, eyni zamanda dövlətin bu sahədə atdığı adekvat addımlar barədə geniş məlumat verib.
Quba rayon Polis şöbəsinin rəisi Telman Ağasiyev çıxışı zamanı Azərbaycan dövlətinin ölkədə yaratdığı sabitliyin və ölkədəki tolerant mühitin bir çox dünya dövlətləri üçün nümunə olduğunu dilə gətirib.
Tədbir qarşılıqlı müzakirələrlə öz işini sona çatdırıb.