Şriftin ölçüsü:

Saytın rəngi:

19.06.2013

Qubada dini icmalar üçün iki günlük regional konfrans işinə başlayıb (Video)

İyunun 19-da Qubada Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda ikigünlük regional konfrans işinə başlamışdır.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkili Vahid Əhmədov, Prezident Adminstrasiyasının nümayəndəsi, eləcə də digər rəsmi şəxslər, Qafqaz Müsəlmanlar İdarəsinin, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət etmiş, önünə əklil və tər güllər düzmüşlər. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilmişdir.

Açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu konfransın Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərdən dördüncüsü olduğunu diqqətə çatdırmışdır. Konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışan Elşad İskəndərov bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənmişdir.
Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmiş və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışmışdır.
Ümummilli Lider Heydər Əliyevin “Biz dünyəvi dövlətik, amma dindən də ayrı deyilik” fikrini vurğulayan Elşad İskəndərov bildirmişdir ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir: “Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq”.
DQİDK-nın sədri Elşad İskəndərov bu ilin ölkə ictimaiyyəti üçün mühüm il olduğunu diqqətə çatdırmış və qarşıdan gələn prezident seçkilərində dini icmaların fəal iştirak edəcəyinə əminliyini ifadə etmişdir.
Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirmiş, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər. Son bir ildə dini maarifçilik işinin genişləndirilməsi, dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin gücləndirilməsi və tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlərin təqdirəlayiq olduğu bildirilmişdir.
Bu istiqamətdə “Qazi Qarabağ azanı” layihəsi, “Axund və imamlar üçün xütbə vəsaiti” və Milli Tolerantlıq Mərkəzinin yaradılması xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, DQİDK-nın dini icmalar üçün təlim kurslarının təşkil edilməsi təşəbbüsü dindarlar tərəfindən dəstəklənir və bunun ciddi nəticələr verəcəyinə inanılır.

Din xadimləri bildirmişlər ki, milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu müsbət dinamika Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Din xadimləri “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfransın iştirakçılarının bəyanatına qarşıdan gələn prezident seçkilərində dövlətimizin başçısı Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı maddənin əlavə olunmasını təklif etmiş və bu təklif birmənalı olaraq dəstəklənmişdir.

Bəyanatın müvafiq maddəsində bildirilir: “Bu gün xalqımız və dövlətimiz üçün böyük və ciddi əhəmiyyəti olan tarixi hadisə – ölkə Prezidenti seçkisi ərəfəsindəyik. Seçkilərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Lakin bu, dindar üçün həm vətəndaşlıq, həm də mənəvi borc deməkdir. Çünki dindar insan seçkilərdə iştirak etməklə həm vətəndaşlıq, həm də dini borcunu yerinə yetirmiş olur. Bu baxımdan dindarların cəmiyyətin önəmli təbəqələrindən biri kimi seçkilərdə daha aktiv iştirak etmələri zəruri və təbii haldır. Ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən Şimal bölgəsinin dindarları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşdirmişlər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə Şimal bölgəsində deyil, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verəcəkdir”.
Bu gün davam etdiriləcək regional konfransda respublikanın 5 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayəndə iştirak edir.
Konfrans çərçivəsində müxtəlif mədəni proqramların təşkili də nəzərdə tutulmuşdur.

Qubada keçirilən regional konfransda maraqlı məruzələr dinlənilib

Qubada “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda təşkil olunmuş iki günlük regional konfrans çərçivəsində bir neçə maraqlı məruzə dinlənilmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı” mövzusunda çıxış edərək Azərbaycan dövləti tərəfindən milli-mənəvi dəyərlərimizə göstərilən yüksək qayğıdan danışmışdır. Bildirmişdir ki, bütün sahələrdə olduğu kimi, dəyərlərimizin qorunması və bərpa edilməsi istiqamətində əməli tədbirlər həyata keçirilir. Səyyad Salahlı son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa edilən məscidlər, ziyarətgahlar barədə söhbət açmış, eyni zamanda, milli dəyərlərimizin inkişafı istiqamətində görülən işlərdən bəhs etmişdir.

İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdəki İslam ənənələrindən, bu dinin keçdiyi tarixi dövrdən və milli-mənəvi dəyərlərimizə təsirlərindən söz açmışdır. Azərbaycan xalqının İslam dünyasına verdiyi tarixi şəxsiyyətlər və elmi töhfələr barədə danışan natiq İslam dininin milli kimliyimizin formalaşmasındakı rolundan da söhbət açmışdır. Məruzəçi müstəqillik dövründə dini sahəyə xarici təsirləri, onların müsbət və mənfi cəhətlərini təhlil etmişdir.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Dini icmalar: problemlər və perspektivlər” mövzusunda danışaraq dini icmaların fəaliyyətində meydana gələn problemlərdən, icma üzvlərinin üzərlərinə düşən vəzifələrdən geniş söz açmışdır. Qeyd etmişdir ki, dini icmaların üzləşdikləri problemlər bir çox hallarda onların öz nizamnamələri ilə tam şəkildə tanış olmamalarından irəli gəlir.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, ilahiyyatçı Anar Qafarovun “Şimal bölgəsində ənənəvi dindarlığın perspektivləri”, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin müəllimi, ilahiyyatçı Elnurə Əzizovanın “İslamda ailə modeli və müasir cəmiyyət”, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı, ilahiyyatçı Aynur Yəhyayevanın “Qadınların cəmiyyətdə roluna dini icmaların yanaşması”, Dəvəçi şəhəri “Xıdır-Zində” məscidi dini icmasının sədri Fərhad Qasımovun “Nümunəvi dini icma modeli”, Quba rayon II Nügədi qəsəbəsi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbovun “Dini icmalar və gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizə” mövzularında məruzələri maraqla qarşılanmışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əliyev “Dini icmalar və yeni media” mövzusunda məruzəsində Dövlət Komitəsinin yeni rəsmi saytı, sosial şəbəkələr haqqında məlumat vermişdir.