06.11.2015
Qubada dindarların iştirakı ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib
Noyabrın 6-da Quba şəhəri “Cümə” məscidində dini icmanın üzvləri və dindarların iştirakı ilə “Uşaq hüquqları” aylığı çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib.Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları və Quba şəhəri “Cümə” məscidi dini icmasının sədri Ənvər Səidov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən uşaq hüquqlarının qorunması və təbliği prioritet məsələ kimi təsbit olunub. Məhz ölkə başçısının müvafiq Sərəncamını əldə rəhbər tutaraq bölgəyə daxil olan rayonlarda vaxtaşırı görüşlər keçirilərək maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir.
Daha sonra Quba şəhəri “Cümə” məscidi dini icmasının üzvü Seyran Fərəczadə İslam dinində uşaq hüquqlarının qorunması ilə bağlı elmi dəlillərlə əlaqədar məruzə ilə çıxış edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.