Quba şəhəri “Hacı Cəfər” məscidində dövlət başçısı tərəfindən təltif olunmuş bir qrup qazi ilə görüş keçirilib
İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Quba şəhəri “Hacı Cəfər” məscidində pandemiya qaydalarına əməl etmək şərtilə Vətən müharibəsində döyüşmüş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə medallarla təltif olunmuş bir qrup qazi ilə görüş təşkil edilib.
Görüşdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Asəf Şirinov, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov və Quba rayonu üzrə səlahiyyətli nümayəndə Anar Eyyubov, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Görüşdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Azərbaycan xalqının Vətən müharibəsi zamanı həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlar barədə danışıb. Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin bir çağırışı ilə dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin könüllü şəkildə cəbhəyə yollandığını vurğulayıb.
Görüşdə çıxış edən digər natiqlər də Azərbaycandakı mövcud tolerant mühiti diqqətə çatdıraraq, monoton şəkildə yaşayan, qonşularının torpaqlarına göz dikən düşmənin xalq birliyi ilə darmadağın edilməsini xüsusi vurğulayaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş qazilərimizi təbrik ediblər.