04.04.2017
Quba rayonunun Digah kəndində “İslam həmrəylik, bərabərlik dinidir” adlı tədbir keçirilib
Aprelin 4-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Quba rayonu Xucbala kənd məscidi dini icmasının təşkilatçılığı ilə Quba rayonu Digah kəndində “İslam həmrəylik, bərabərlik dinidir” adlı tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev, Quba rayonu Digah kənd orta məktəbinin direktoru Mənsur Hacıyev, Quba rayonu Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Həmdulla Vəliyev çıxış edərək bildirib ki, həyata keçirilən bu layihə Quba rayonunun Xucbala kənd inzibati ərazi vahidliyini əhatə etdiyindən silsilə olaraq Xucbala, Digah, Çartəpə və digər kəndlərdə də baş tutacaqdır. Layihənin uğurla davam etdiyini qeyd edən icma sədri qeyd edib ki, keçirilən tədbirlərdə insanlara xeyli sayda maarifləndirici ədəbiyyat paylanılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev isə İslam həmrəyliyinin Azərbaycan modelinin dünyanın ən böyük müsəlman dövlətləri üçün nümunə olduğunu qeyd edib.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev çıxışında Azərbaycanda mövcud olan ənənəvi İslam dininin tarixi köklərini dinləyicilərin diqqətinə çatdırıb. O, vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Azərbaycan dövlətinin müdrikliklə 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi hər kəsə verilən bir mesaj rolunu oynayıb. Azərbaycanın həmişə haqq və ədalətin tərəfində olduğunu qeyd edən natiq bildirib ki, bunun bariz nümunəsi Azərbaycanda digər dinlərin nümayəndələrinin sayının az olmasına baxmayaraq eyni şərtlər altında yaşamalarıdır.
Quba rayonu Digah kənd orta məktəbinin direktoru Mənsur Hacıyev çıxış edərək söyləyib ki, bu qəbildən olan tədbirlərin kəndlərdə təşkil olunması əhali tərəfindən müsbət qarşılanır. Dini maarifləndirici ədəbiyyatların yayılması isə xüsusi önəmə malikdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.