Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.08.2016

Quba rayonunun Digah kəndində “Fitnə” filmi nümayiş etdirilib

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Digah kəndində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov Azərbaycanda mövcud olan multikultural mühitdən, tolerantlıqdan, müxtəlif xalqların və etnosların sülh və bərabərlik şəraitində yaşamasından danışaraq, Quba rayonunun da bu cəhətdən zəngin olduğunu və 20-dən çox az saylı xalqın birgə və dinc şəraitdə yaşadığını bildirib. O, qeyd edib ki, dini radikalizm sabitliyi və tolerant mühiti pozmağa hesablanan bir vasitə olsa da ölkəmizdə buna nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti imkan verməz. O, dini radikalizmə qarşı həyata keçirilən maarifləndirmə tədbirlərinin artıq silsilə şəkil aldığını qeyd edib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev dünyada dini dözümsüzlüyün baş alıb getdiyi bir dövrdə Azərbaycanda mövcud olan tolerantlığın bütün dünyaya həqiqi nümunə olduğunu qeyd edərək, hər kəsin dini etiqad azadlığının qorunduğunu bildirib. O, dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Daha sonra tədbirdə məruzə ilə çıxış edən  Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmlə mübarizə yollarından, radikalizmin yaranmasının psixoloji, dini və hüquqi tərəflərindən bəhs edib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında müasir dövrdə dini radikalizmin yaranmasında informasiya blokadasının rolundan, internet resursların istifadəsindən söz açıb.
Daha sonra DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Fitnə” filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra iştirakçıları maraqandıran suallar cavablandırılıb.