13.05.2016
Quba rayonunda radikalizmlə mübarizənin yolları müzakirə olunub
Mayın 13-də Quba rayonu Təngəaltı kəndi “Seyidlər” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli–mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Ramin Xudayev və Elnur Ağasiyev, “Seyidlər” məscidi dini icmasının sədri İdris Sultanov, Təngəaltı kəndinin İƏD üzrə nümayəndəsi Rütəm Rzayev, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri dini icma sədri İ. Sultanov açaraq bildirib ki, həyata keçirilən layihənin növbəti tədbirinin kənd məscidində baş tutması təsadüfi deyildir. Belə ki, məsciddə əsasən dindar kütlə toplaşdığından onlarla müzakirələr nəticəsində radikalizmlə düzgün mübarizə yollarını aşkarlamaq olar. Bundan başqa natiq çıxışında dini radikalizmlə mübarizə aparılmasında ənənəvi dindarlıqdan istifadə olunmasının vacibliyini vurğulayıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev məruzəsində qeyd edib ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir. R.Xudayev radikalizmin qarşısının alınmasında təhsilin önəmini vurğulayıb.
Quba bölgəsi üzrə şöbənin əməkdaşı Elnur Ağasiyev çıxışı zamanı radikalizmə qarşı mübarizə yollarından və düzgün maarifləndirmənin uğurlu nəticələrindən bəhs edib.
Tədbirdə çıxış edən digər natiqlər də radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən və birgə mübarizə yollarından danışıblar.