24.01.2017
Quba rayonunda “Azərbaycan multikulturalizm modeli” adlı tədbir keçirilib
Yanvarın 24-də Quba rayon II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması “Mədəni müxtəliflik: Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli” layihəsi çərçivəsində “Azərbaycan multikulturalizm modeli” adlı tədbir keçirib.
Nügədi kənd 1 saylı tam orta məktəbində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini -dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, dövlət tərəfindən dini icmalara göstərilən qayğı dini maarifləndirmə işinin və milli-mənəvi dəyərlərin təbliği üçün geniş imkanlar yaradır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək bildirib ki, Azərbaycanda mövcud olan tolerantlıq dünya ölkələri üçün mütərəqqi nümunədir.Şöbə müdiri qeyd edib ki, dünyanın müxtəlif İslam ölkələrində məzhəblərarası qarşıdurmanın olduğu bir şəraitdə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam ölkələrinin birliyinə öz töhfəsini verəcək. Natiqin sözlərinə görə, Azərbaycanda mövcud olan mədəni müxtəliflik və tolerant mühit digər ölkələr tərəfindən də təqdir edilir.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edib.
Daha sonra çıxış edən II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov dövlətin dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndirib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.