Quba bölgəsində 31 mart soyqırımına həsr olunmuş vebinar keçirilib
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin və Qafqaz Müsəlmanları İdarəsinin Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş “1918-ci il soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı XX əsrdə törədilmiş ən dəhşətli faciələrdən biridir” adlı vebinar keçirilib.
Vebinarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, tarixçi-ekspert Anar Murtuzov, QMİ-nin bölgədə fəaliyyət göstərən səlahiyyətli nümayəndələri, din xadimləri, dindarlar, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak edib.
Vebinarı giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev 1918-ci ildə Azərbaycan xalqına qarşı məqsədli şəkildə təşkil edilmiş soyqırımı aktının amansızlığına görə bəşər tarixində mislinin olmadığını qeyd edib.
Tarixçi-ekspert və vebinarın əsas aparıcısı Anar Murtuzov geniş çıxış edərək 1918-ci ilin mart-may aylarında ermənilərin havadarları ilə birgə Azərbaycanın müxtəlif bölgələrində qəddarlıqla həyata keçirdiyi soyqırımı haqqında məlumat verib. O bildirib ki, ermənilər və onların havadarları Azərbaycan xalqına qarşı təkcə XX əsrdə bir neçə dəfə həyata keçirilən soyqırımı hadisələrini ört-basdır etməyə çalışsalar da Azərbaycan dövləti, həm Ulu Öndər Heydər Əliyevin dövründə, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə soyqırımı cinayətlərinin dəqiqliklə araşdırılaraq dünya ictimaiyyətinə çatdırılmasında xeyli işlər görüb.
İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev və digər natiqlər də 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbənin 103 il bundan əvvəl baş vermiş faciənin və digər faciələrimizin qisası, layiqli cavabı olduğunu vurğulayıblar.



