Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.04.2018

Qobustanda “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib

Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qobustan rayonu Təklə kənd tam orta məktəbində “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, məktəbin direktoru Tahir Səbzəliyev, şəhər “Heydər” məscidinin imamı Çingiz Babaşov, Təklə kənd məscidi dini icmasının sədri Gülağa Məlikov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir aprel şəhidlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısı Aparatının nümayəndəsi Aftandil Şikarov bildirib ki, tədbirin keçirilməsində məqsəd 2016-cı ilin aprelində öz qanları ilə qəhrəmanlıq dastanı yazan şəhidlərimizin ruhunu yad etməklə yanaşı, gənc nəslin vətənpərvər ruhda yetişməsinə töhfə verməkdir.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov keçirilən tədbirin əhəmiyyətindən və Dövlət Komitəsinin bu sahədəki fəaliyyətindən geniş bəhs edərək qeyd edib ki, Vətənə bağlılıq milli-mənəvi dəyərlərimizə, ailəmizə, bayrağımıza, tariximizə, adət-ənənələrimizə, dinimizə bağlılıqdır.
Daha sonra çıxış edən Qobustan şəhər “Heydər” məscidinin imamı Çingiz Babaşov “Vətəni sevmək imandandır” hədisini xatırladaraq vurğulayıb ki, əgər bir qəlbdə iman varsa, mütləq Vətən sevgisi də olmalıdır. Bu sevgi ümumi iman yanaşmasında xüsusi yer tutur.
Sonda DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.