Qırmızı Qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba rayonu Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Qırmızı qəsəbədə yerləşən sinaqoqda baş tutmuş tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Yurik Naftaliyev və qəsəbə ictimaiyyəti iştirak edib.
Anım tədbirində çıxış edənlər bildiriblər ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilib. Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atılır.
Tədbirdə çıxış edən digər iştirakçılar Xocalı soyqırımını və Azərbaycan torpaqlarının işğalı siyasətini pisləyib, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildiriblər.

