Gəncədə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilmişdir
Bu gün Gəncə şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət təşkilatçılığı ilə Respublikanın Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıiarın iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Regional Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, Gəncədəki toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin yeddincisi olduğunu diqqətə çatdırmışdır. Komitə sədri regional konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırmışdır. Komitə sədri dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayaraq bunun nümunəsi olaraq son illərdə dövlət başçısının qayğısı nəticisində 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunmuşdur.
Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmiş və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışmışdır: “Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Sadəcə iki faktı – tariximizin və milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Şamaxı “Cümə” məscidi və siz Gəncəlilərin və Azərbaycan xalqının inbanc yeri olan “İmamzadə” kompleksinin təmir-bərpasını göstərməklə bunun əyani şahidi oluruq.”
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə çıxışında belə bir tədbirin təşkilinə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirmişdir. Vurğulamışdır ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət dövlətimizin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür.
Millət vəkilləri Qənirə Paşayeva, Asəf Hacıyev çıxışlarında Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açmışlar.
Konfransda çıxış edən yerli din xadimləri və dindarlar bildiriblər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir. DQİDK tərəfindən dəstəklənən “Qazi Qarabağ azanı” layihəsini, “Axund və imamlar üçün xütbə vəsaiti” və Milli Tolerantlıq Mərkəzinin yaradılmasını xüsusi qeyd ounmalıdır.
Həmçinin, Dövlət Komitəsinin dini icmalar üçün təlim kursları təşəbbüsü dindarlar tərəfindən dəstəklənib. Qeyd olunub ki, belə yüksək səviyyəli tədbirlər təkcə dövlət-din münasibətlərinin inkişaf etdirilməsinə, dindarların maarifləndirilməsinə deyil, həmçinin, ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət edir.
Sonra Gəncədə fəaliyyət göstərən dini icmaların təşəbbüsü ilə qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanatın mətni konfrans iştirakçılarına təqdim edilmişdir. Səsə qoyulan bəyanat qərb bölgəsinə daxil olan 12 rayonda fəaliyyət göstərən dini icma nümayəndələri tərəfindən yekdilliklə qəbul olunmuşdur.
Bəyanatda qeyd olunur ki, bu gün hər bir azərbaycanlının, xüsusilə dindarın tariximiz və dövlətimiz qarşısında yerinə yetirməyə borclu olduğu şərəfli bir vəzifə dayanır. Bu vəzifə bizdən Ümummilli Liderimizin çətin, lakin şərəfli yolunu uğurla davam etdirən, onun layiqli varisi olan cənab Prezidentə sadiq olmağı və onu dəstəkləməyi tələb edir. “Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təkcə azərbaycanlılar deyil, bütün müsəlmanlar üçün xüsusi əhəmiyyəti olan Gəncə şəhərindəki İmamzadə ziyarətgahının əsaslı bərpa olunaraq yenidən qurulması milli-mənəvi dəyərlərimizə, xüsusilə biz dindarlara böyük diqqət və qayğının təcəssüməsidir.Biz ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən Qərb bölgəsinin dindarları artıq öz seçimimizi edərək Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevi dəstəkləyirik. Əminik ki, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz tövhəsini verəcəkdir.” – bəyanatda qeyd olunur.
Qeyd edək ki, regional konfrans çərçivəsində dörd paneldə 12 məruzə dinlənilib. Din xadimləri, dindarlar, ilahiyyatçılar müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində regional konfransın iştirakçıları Prezident İlham Әliyevin sərəncamı ilə təmir olunan İmamzadə ziyarətgah kompleksini ziyarət etmişlər.
DQİDK-nin mətbuat xidməti