13.10.2017
Qəbələdə “Şəhadət” sənədli filmi nümayiş olunub
Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ şəhər dindarlarının məscidi dini icmasının həyata keçirdiyi “İslam həmrəylik dinidir” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ şəhər “Cümə” məscidinin imam müavini Taleh Şirinov, gənclər və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qəbələ şəhər dindarlarının məscidi dini icmasının üzvü Taleh Şirinov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdikdən sonra bölgədə tarixən var olan dini və etnik müxtəlifliyin Azərbaycan xalqının mənəvi zənginliklərindən olduğunu, dini radikalizmin İslam həmrəyliyinə təhlükə törətdiyini qeyd edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov mövcud dini durum, dövlət-din münasibətləri, eləcə də dövlətin dinə qayğısından bəhs edib. O, ölkəmizdə məzhəb ayrı-seçkiliyinin olmadığını, insanların mehriban şəraitdə yaşadığını, İslam dininin tolerant din olduğunu və insanları vəhdətə və birliyə çağırdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Z.Şirinov tarixin bütün dövrlərində, o cümlədən müasir dünyamızda müsəlman dünyasının ehtiyac duyduğu İslam həmrəyliyinin Azərbaycanda tarixən mövcud olduğunu və hazırda dünyaya uğurla təbliğ edildiyini vurğulayıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)

