09.04.2016
Qəbələ və Xaçmazda dini radikalizmlə mübarizə mövzusunda tədbirlər keçirilib
Digər maarifləndirmə tədbiri aprelin 9-da Qəbələ Mədəniyyət Evində Qəbələ şəhər dindarlarının məscidi dini icması tərəfindən icra edilən “Dini radikalizm və gətirdiyi fəsadlar” layihəsi çərçivəsində keçirilib. Tədbirdə Qəbələ rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri ilə yanaşı rayon ağsaqqalları, ziyalılar, gənclər, hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qəbələ şəhər Cümə məscidinin imam müavini Taleh Şirinov açaraq müasir dövrümüzdə mövzunun əhəmiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov milli-mənəvi dəyərlərimiz, dini radikalizmin fəsadları, radikal-ekstremist ünsürlərin cəmiyyətimiz, dövlətçiliyimiz üçün yaratdığı təhlükələr və dini sahədəki digər aktual məsələlər barədə ətraflı çıxış edib.
Daha sonra DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlətin dini qurumlara göstərdiyi qayğı və diqqətdən və dini icmaların ölkədə maarifçilik işinin təşkilində oynadağı mühüm roldan danışıb.
Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
* * *
Aprelin 8-də Xaçmaz rayonu Müqtədir qəsəbə “Şeyx Ömər” məscidi dini icmasının “Gənclərimizi radikal dini təmayüllü cərəyanların təsiri altına düşməkdən qoruyaq” adlı layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları, Xaçmaz RİH-nin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, “Şeyx Ömər” məscidi dini icmasının sədri Məzahir Yəhyayev, dindarlar, ağsaqqallar, müəllim və şagirdlər iştirak ediblər.Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev giriş sözü ilə çıxış edərək bildirib ki, dövlətimiz bütün sahələrdə olduğu kimi din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir. O bildirib ki, layihənin əsas məqsədi İslamın dərin köklərə malik, sülhə və qardaşlığa çağırış din olduğunu gənclərin diqqətinə çatdırmaqdır. R.Xudayev, həmçinin qeyd edib ki, dindarlar, gənclər radikal qruplara qoşulmamalı və radikalizmin qarşısını almaq üçün həmrəy olmalıdırlar. Tədbirdə məruzə ilə çıxış edən Quba bölgəsi üzrə şöbənin əməkdaşı Samid Seyidov bildirib ki, gənclərin radikalizmlə mübarizə aparmasında təhsilin böyük önəmi vardır. Ona görə də hər bir gənc maksimum dərəcədə biliklərə yiyələnməklə həqiqətin nədən ibarət olduğunu dərk etməlidir. Xaçmaz RİH-nin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev çıxış edərək Xaçmaz rayonunda dini durumun vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Tədbirdə iştirak edən digər natiqlər də radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışıblar.


.jpg)