27.04.2016
Qazaxda “Ekstremizm və radikalizmin fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Aprelin 27-də Qazax “Cümə” məscidi dini icmasının “Ekstremizm və radikalizmin fəsadları” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialında “Gənclərin müxtəlif cərəyanlara qoşulmaması üçün maarifləndirmənin mahiyyəti” mövzusunda müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilib. Tədbiri çıxış sözü ilə Qazax Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq dini ekstremizmin və radikalizmin törətdiyi fəsadlar və onunla mübarizə aparılması üçün qəbul olunmuş qanunların mahiyyəti barəsində izahatlar verib. O çıxışını radikalizmin qarşısının alınması istiqamətlərində aparılan işlər barəsində məlumat xarakterli məruzə ilə yekunlaşdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev çıxışında dövlətin dinə olan qayğısından, gənclərin müxtəlif dini cərəyanlara qoşulmaması üçün görülən tədbirlərdən və bu sahədə maarifləndirmənin rolundan danışıb.
Qazax rayon prokurorunun baş köməkçisi Rafael Həsənov isə dövlət-din münasibətləri, radikal qruplara qarşı mübarizə üsullarından bəhs edib.
Qazax “Cümə” məscidi dini icmasının sədri İlham Süleymanov İslam dinində cərəyan edən müxtəlif məzhəblərdən və onların fəaliyyətdən və bununla İslam dininin daxilində parçalanma aparılması üçün bu məzhəblərdən istifadə olunmasını xüsusilə vurğulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının müəllimi Məmməd Yusifov çıxışında təhsil sahəsində radikalizmə və ekstremizmə qarşı mübarizədə metodiki işlərin aparılmasından danışıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
.jpg)

